Şamil N. NƏCƏFOV
DOI: https://doi.org/10.30546/458901.2025.04.3013
Abstract
Sarvantəpə (Rustəpə) yaşayış yeri Qazax rayonunun Çaylı kəndində yerləşir. Bu qədim
yaşayış məskəni haqqına ilk dəfə M.M. Hüseynov və T.A. Büniyadov məlumat vermişlər.
2009-cu ildə abidədə əsaslı arxeoloji tədqiqatlara başlanılmış, 2009-2014 və 2019-
2023-cü illər ərzində tədqiq edilən qazıntı sahəsi ümumilikə 300 m2 olmuşdur.
Abidədə aşkar edilmiş gil məmulatları boz, qara və qəhvəyi rəngli iri və orta ölçülü
məişət qablarının parçalarından, nadir hallarda isə bütöv qablardan ibarət olmuşdur.
Fraqmentlər əsasən qazan tipli qara rəngli gil qabların gövdələrindən, açıq boz və açıqqırmızı
rəngli manqalların hissələrindən, qəhvəyi və boz rəngli kiçik qablardan, həmçinin
qulplu və qulpsuz ensiz boyunlu küpələrin qırıqlarından, kasalardan, küplərdən, yastı boşqablardan,
tavalardan, stəkanlardan, gen ağızlı küplərdən, gil möhür və pintaerlərdən, butələrdən,
gil qəlib fraqmentindən və s.- dən ibarət idi. Mətbəx və məişət qablarının böyük
əksəriyyəti dulus çarxından istifadə edilməklə mükəmməl hazırlanmışdır. Sarvantəpədə aşkar
edilmiş keramika məmulatlarının oxşarlarına bölgənin Xocalı-Gədəbəy mədəniyyətinə
aid yaşayış yerləri və qəbir abidələrindən tapılan keramika nümunələri arasında, Zəyəmçay,
Şəmkirçay və Gəncəçay çaylarının hövzələrində, o cümlədən Sarıtəpə, Yastıtəpə, Mollamey,
Ocaqtəpə, Anquttəpə və s. yaşayış yerlərində, I və II Tovuzçay, Zəyəmçay nekropollarında
geniş rast gəlinir. Sarvantəpə yaşayış yerindən əldə edilən keramika məmulatlarını
müqaisəli təhlillər əsasında son tunc və erkən dəmir dövrünün xronoloji çərçivəsinə (e.ə.
XIII-VIII əsrlərə) aid etmək mümkündür.